Balacalar Yeni il sevinci yaşamışlar
26.12.2013

İsmayıllıdakı Gənclər Mərkəzində hərəkət imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

Xüsusi tərtibatla bayramsayağı bəzədilmiş zalda keçirilən bayram şənliyində rayon rəhbərliyinin nümayəndələri, ziyalılar balacaları təbrik etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların daim dövlət qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırmışlar.

Rayon incəsənət məktəbi şagirdlərinin, İsmayıllı şəhər 1, 2, 3 nömrəli uşaq bağçalarından gələn uşaqların təqdim etdikləri musiqili-ədəbi kompozisiya, yolka ətrafında Şaxta baba, Qar qız və məzhəkəçilərin çıxışları alqışlarla qarşılanmışdır.

Bayram mərasimində uşaqlara hədiyyələr verilmişdir.

Tədbirdən sonra 40 nəfər uşaq “FİNCA Azerbaijan”ın İsmayıllı filialına dəvət olunmuş, burada bayram süfrəsi açılmış və onlara hədiyyələr təqdim edilmişdir.

AzərTAc