Sabahdan Bakıda bayram satış yarmarkaları başlayır
27.12.2013

Dekabrın 28-dən başlayaraq Yeni İl bayramı ərəfəsində Bakı şəhəri ərazisində satış yarmarkaları təşkil olunacaq.

Bunu Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev bildirib.

Onun sözlərinə görə, bu yarmarkalar Yeni İl bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir: «Yarmarkalar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində təşkil olunacaq və dekabrın 28-31-də keçiriləcək».

Ş.Nağıyev bildirib ki, 4 gün davam edəcək bu yarmarkada əhali yumurtanın 1 ədədini 10-11 qəpiyə, kartofun 1 kiloqramını 70 qəpiyə, soğanı 45 qəpiyə, çeşidindən asıl olaraq toyuq ətinin 1 kiloqramını isə 2,30-2,50 manata ala bilərlər: «Bu yarmarkada alıcılar istənilən ərzaq məhsulunu adi günlərdə mağazalardan qat-qat ucuz qiymətə ala biləcəklər. Yarmarkalar Bakının 8 məntəqəsində təşkil olunacaq».

Qeyd edək ki, satış yarmarkaları aşağıdakı ünvanlarda təşkil ediləcək:

Binəqədi rayonu:

- Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti;

Xətai rayonu:

- «Bakı» kinoteatrının yanı;

Nərimanov rayonu:

- Əliyar Əliyev küçəsi,26 («Bakı Taxıl» ASC-nin ərazisi);

Nəsimi rayonu:

- «Təzə bazar»ın ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2;

- Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;

Yasamal rayonu:

- Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.

APA