Azərbaycanda uşaq bağçaları 10 il müddətinə vergidən azad olunub
27.12.2013

Milli Məclisin iclasında yeni “Körpələr evlərinə, körpələr evi - uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, layihə prezidentin imzası ilə daxil olub.

Cəmi 2 maddədən ibarət olan yeni qanun layihəsinə əsasən körpələr evləri, körpələr evi - uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Layihə səsə qoyularaq qəbul olunub.

Ziyad Səmədzadə bildirib ki, ölkədəki 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir: “Ölkədə ciddi bağça çatışmazlığı var. Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək. Hazırda ölkədə 40 özəl bağça var. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.

APA