Heydər Əliyev Mərkəzində “Vera məhəlləsinin musiqiləri” müziklı təqdim olunacaqdır - FOTO
27.12.2013

2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müziklı Azərbaycan tamaşaçılarına təqdim olunacaqdır.

1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Həmin filmin motivləri əsasında hazırlanan müzikla fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş vermişdir.

Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdəd təşkil edir.

Heydər Əliyev Mərkəzindən bildirmişlər ki, müziklda Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.
İndiyədək müziklın Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçmişdir.

AzərTAc