Dekabrın 27-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və "Baku"
jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bugünədək dünyanın
altı ölkəsində nümayiş etdirilən "Bakıya uçuş. Müasir Azərbaycan
İncəsənəti" sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və fondun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi
və baş redaktoru, "Bakıya uçuş" layihəsinin ideya müəllifi Leyla
Əliyeva sərginin açılış mərasimində iştirak etmişlər.
"Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" sərgisi Azərbaycanın
müasir incəsənətini dünyada tanıtmaq baxımından mühüm əhəmiyyətə
malikdir. Sərgidə nümayiş olunan əsərlərin hər biri orijinallığı ilə
diqqəti cəlb edir. Bir-birindən fərqli, avanqard ideyaların hakim
kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin
özünəməxsusluğundan xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin,
incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə
formaları əsasında yaradılmış əsərlər nümayiş etdirilir.
Dövlət
və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və digər
nüfuzlu qonaqların iştirak etdikləri tədbirdə layihənin ideya müəllifi
Leyla ƏLİYEVA çıxış edərək dedi:
- Əziz qonaqlar!
Sizi ürəkdən salamlayıram və Heydər Əliyev Mərkəzində görməyə çox
şadam. Bu, nadir, gözəl bina əsl mədəniyyət mərkəzinə çevrilib. Heydər
Əliyev Mərkəzi 2012-ci ildə açılıb və qısa zamanda fəaliyyətini
genişləndirib. Burada konsertlər, sərgilər, müxtəlif forum və görüşlər
keçirilir.
Bu axşam biz birlikdə "Fly To Baku" sərgisini açırıq. Bu sərgi iki
ildir ki, yaşayır və Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Sərgi
Avropanın altı ölkəsində keçirilib və böyük maraqla qarşılanıb. Bu sərgi
Heydər Əliyev Mərkəzində iki ay davam edəcək və bununla da layihə sona
çatacaqdır. Əminəm ki, sərgi Bakıda da böyük maraq doğuracaqdır. Sizə
xoş axşam arzulayıram.

Belə
sərgilərin gələcəkdə də təşkil olunacağını deyən Leyla Əliyeva gənc
rəssamların layihələrinin bundan sonra da dəstəklənəcəyini bildirdi.
Layihənin ideya müəllifi vurğuladı ki, sərgi Azərbaycanın müasir
rəssamlarının əsərlərini dünyada nümayiş etdirmək baxımından gözəl
fürsət oldu.
Tədbir iştirakçılarını salamlayan "Bakıya uçuş. Müasir Azərbaycan
İncəsənəti" sərgisinin kuratoru Erve MİKAELOFF ekspozisiyanın
açılışında, ümumilikdə layihədə iştirak etməkdən şərəf duyduğunu
bildirdi. Sərginin uğurla keçməsindən sevindiyini deyən Erve Mikaeloff
dedi ki, gələcəkdə belə layihələrin sayı çox olacaqdır.
Sonra sərgi ilə tanışlıq oldu.
Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya,
video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən
artıq əsəri nümayiş etdirilir. Onların arasında Heydər Əliyev Fondunun
vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri
böyük maraq doğurur. Leyla Əliyevanın "Portağal ağacı", "Qafqaz bəbiri",
"Zaman" və digər əsərləri orijinallığı ilə seçilir.
Tanınmış rəssam Altay Sadıqzadənin, gənc fırça ustası Aida
Mahmudovanın və digərlərinin əsərlərinin təqdim olunduğu bu layihə
tamaşaçılara Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən
müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.
Burada təqdim olunmuş əsərlərin əksəriyyəti məhz bu layihə üçün
işlənmişdir.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması
istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti
olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılmışdır. İki
il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi
yerli sakinlərin böyük marağına səbəb olmuşdur. Sərginin təşkilində əsas
hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və
təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik
müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim
etmək, eyni zamanda, müasir incəsənət vasitəsilə Azərbaycanın bütün
sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaqdır. Burada
insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda
maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən,
rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh
edən kompozisiyalar, Azərbaycanın müasir incəsənət dünyasının bir
hissəsi nümayiş olunur. Sərgiyə maraq Azərbaycanın müasir incəsənətinin
peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya sübut
etmişdir. Bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni
töhfələr vermişdir.
Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Şübhəsiz
ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə
yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq
istiqamətində reallaşdırdığı çoxlu sayda uğurlu layihələr də dayanır.
"Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcəkdir.
AzərTAc