Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil etmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bayram şənliyi təkcə Moskvada deyil, Rusiyanın müxtəlif regionlarında təhsil alan azərbaycanlı gəncləri bir araya gətirmişdir. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırmışdır. E.Hacıyev qeyd etmişdir ki, RAGB-nin üzvü olan gənclər Azərbaycanın və Rusiyanın həyatının bütün sahələrində fəal iştirak edirlər. Rusiya paytaxtının və regionların ali məktəblərində təhsil alan gənclərin səhnədə bir araya gələrək təmsil etdikləri ali məktəblərin müəllim və tələbələrinin təbriklərini çatdırmaları RAGB-nin yeni il şənliklərinin xoş ənənəsinə çevrilmişdir. Sonra Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova gəncləri təbrik etmiş, xoş arzularını çatdırmışdır.
Bayram gecəsi müxtəlif viktorinalar və şən rəqslərlə davam etmişdir.
Tədbirdə Rusiya dövlət qurumlarının, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak etmişlər.
AzərTAc