Bakıda “Küçə incəsənəti” Festivalı layihəsi həyata keçirilib
29.12.2013

Bakıda “Küçə incəsənəti” Festivalı layihəsi həyata keçirilib.

Layihə Gənclər Fondunun maliyyə dəstəyi və “C” kateqoriyası üzrə qrant qalibi Cabir Quliyevin birgə təşkilatcılığı ilə baş tutub.

Layihə rəhbəri C.Quliyevin fikrincə ölkəmizdə keçirilən tədbirlər mədəniyyətin müxtəlif sahələrini əhatə etsə də bəzi incəsənət sahələri mövcuddur ki, diqqət sahəsindən hələ də kənarda qalıb:

“Onların inkişafına təkan verilməli, maraqlanan şəxslər isə həvəsləndirilməlidirlər. Mədəniyyət və incəsənət zamanın təsiri altında daim dəyişməkdə və təkmilləşdirilməkdədir.

“Küçə incəsənəti” Festivalı layihəsinin əsas məqsədi küçə incəsənət növlərinin inkişaf etdirilməsi, mobil (qısa bir zaman ərzində və istənilən yerdə təşkil oluna biləcək) tədbir və sərgilərin keçirilməsi işinin təkmilləşdirilməsi, yeni incəsənət növləri vasitəsi ilə gənclər üçün yeni iş yerlərinin açılması və əlavə gəlir mənbəyinin əldə olunmasıdır”.

Layihənin vəzifələri gənclərin incəsənət sahəsində əldə etdikləri bilik və bacarıqlarının tətbiqi, təcrübələrinin artırılması, istənilən məkan və şəraitdə işləmək bacarıqlarını nümayiş etdirmək, ünsiyyət qurmaqdır.

Qeyd edək ki, layihədə 120-dən artıq gənc iştirak edib. Onlardan yalnız 10 nəfəri final mərhələsinə keçib. Finalçıların hər biri sertifikat və hədiyyələrlə təltif olunub.


Gün.Az