Hava şəraiti ilə əlaqədar Bakı aeroportunda bəzi aviareyslər təxirə salınıb
8.2.2012

Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin soyuması, qar yağması və güclü külək əsməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir neçə aviareys təxirə salınıb. Bu barədə hava limanından bildirilib.
Aeroportdan verilən məlumata əsasən, hazırda daxili aviareyslərdən Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran və Bakı-Tbilisi marşrutu ilə reyslər təxirə salınıb: «Tehran və Tbilisidən aviareyslər Bakıya yerinə yetirilməyib. Londondan Bakıya gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub. Uçuş-enmə zolağı buzla bağlanmasa da, çovğun uçuşların yerinə yetirilməsinə mane olur – görüntü xeyli pisləşib».

APA