Diyetoloq Leyla Zülfüqarova: “Göy At ilində süfrədə göy rəngli qidalar bol olmalıdır”
30.12.2013

Artıq yeni ilin astanasındayıq.

Bayram günlərində süfrələrimizi bir-birindən dadlı, ləzzətli təamlar bəzəyəcək.

Görəsən, Göy At ili üzərində olacaq 2014-cü ildə süfrədə hansı xörəklər olmalıdır, hansı rəngdə olan meyvə və tərəvəzlər göz oxşamalıdır?

Suallarımızı diyetoloq Leyla Zülfüqarova cavablandırır:

- Yeni il gecəsi süfrəsinin bəzədilməsində hansı rənglər üstünlük təşkil etməlidir?

- Əlbəttə ki, süfrədə daha çox göy rəngli qidalar və yeməklər olmalıdır. Çünki qarşıdan gələn il – Göy At ili üstündədir. Onu da deyim ki, diyetologiyanın prinsiplərində göy rəngli qidaları sağlam qidalar adlandırırıq. Bu baxımdan da Göy At ilini süfrəmizlə razı sala bilərik. Göy qidalar dedikdə, həmişəyaşıl rəngli meyvələr - göy alma, kivi, feyxoa və bütün yaşıl rəngli tərəvəzlər nəzərdə tutulur.

- Göy At ilində süfrədə hansı yeməklər olmalıdır?

- Əlbəttə ki, süfrədə daha çox səbzəli yeməklər olmalıdır. Bura bişmiş və ya çiy şəkildə olan tərəvəz salatları da daxildir. Bilirsiniz ki, bizdə əsas yeməklər, yağlı və çox kalorilidir. Buna görə də yüksək kalorili yeməkləri ancaq bayramın yalnız 2-3 günü qəbul etmək olar. İnsanlar bu günlərdə müxtəlif qidalarla süfrələrini bəzəyəcəkləri bəllidir.

Yəni bayram günlərində insanlara qadağa qoymaq da olmaz. Sadəcə, qidalanan zaman əsas prinsipləri unutmaq lazım deyil:

1. Qida qəbulu zamanı fasilələrə fikir vermək lazımdır. Yəni arada 3 saat fasilə olmaqla qidalar qəbul olunmalıdır.

2. Mədənin motorika funksiyasının işləməsinə şərait yaratmaq lazımdır. Yəni tələsmədən və qidaları qarışdırmadan yemək vacibdir.

3. Orta dərəcə prinsipini hər zaman yadda saxlamaq lazımdır. Yəni bayram süfrəsində olan bütün naz-nemətdən yemək olar. Amma çox az porsiyalarla qida qəbul etmək lazımdır. Unutmaq lazım deyil ki, bayram günləri 12 gün davam edir. Bu da ondan xəbər verir ki, bu müddət ərzində ürəyiniz istəyən qidaları yavaş-yavaş, fasilələrlə yeyə bilərsiniz.

- Qidalarda hansı rənglər çoxluq təşkil etməlidir?

- Ümumiyyətlə, süfrənin bəzədilməsində bütün rənglərin kontrastı böyük əhəmiyyət kəsb edir. Hamı bilsin ki, qidalara rəng verən maddələr orqanizm üçün çox əlverişlidir. Məsələn, göy və yaşıl rəngli qidaları sağlam hesab etməyimiz heç də təsadüfi deyil. Çünki bitkilərə yaşıl rəng verən xlorofil maddəsidir ki, bu da öz növbəsində orqanizmdə oksigenin səviyyəsini qaldırır.

Azot mübadiləsinə müsbət təsir edir. Daxili orqanların fermentlərini aktivləşdirir və həzm sisteminə müsbət təsir edir. Eyni zamanda, qeyd edim ki, qırmızı rəngli qidalar çox güclü antioksidantlarla zəngindir.

Yəni təzə pomidor, çuğundur, nar, qırmızı alma və başqa qidalar qan yaranmasında böyük rol oynayır. Sarı rəngli ərzaqlar – beta-karotin adlı maddəni orqanizmimizə verməklə bizi ətraf mühitin zərərlərindən müdafiə etmiş olur.

- Bayram günlərindən sonra bədəni təmizləmək üçün nələri məsləhət görərdiniz?

- Əslində, bayram günlərində nə yediyimizdən daha çox nə qədər və necə yediyimiz vacibdir. Sağlam qidalanma prinsipinə sadiq qalacağıqsa, demək, bayram sonrası da ciddi problemlərlə rastlaşmayacağıq. Amma hər halda çox zaman bunun əksi olur. Bu baxımdan bayramdan sonrakı günlər həmin kaloriləri “yandırmaq” məqsədilə “yükdən azad olmaq günləri” edilməlidir, yəni “razqruzka”. Sadə dillə desək, hər bir işdə köklü təmizləmə işləri aparıldığı kimi, orqanizmdə də buna ehtiyac var. Həmin günlər orqanizmi bayram qalıqlarından yaxşıca təmizləyir. Bu təmizləmə, şlaklarla yanaşı, yüngül çəki itirilməsinə də səbəb olur.

Bunun üçün bir neçə tövsiyə də verə bilərəm. 1 kiloqram almanı sobada bişirərək, 6 hissəyə bölməklə, hər 3 saatdan bir yemək lazımdır. Və hər 30 dəqiqədən bir isə yaşıl çay ilə 1 alma şirəsini növbələyərək su balansını bu mayelərlə ödəmək olar.

Gün.Az