Yeni rabitə tarifləri tətbiq olunur
7.1.2014

Tarif Şurasının 2013-cü il dekabrın 3-də keçirdiyi iclasda, 2014-cü il yanvarın 1-dən etibarən Azərbaycanda yeni rabitə tarifləri tətbiq olunması barədəqərar qəbul edilib.

Tarif Şurasının qəbul etdiyi qərara əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün bölgələrdən asılı olaraq 36, 45 və 54 qəpikdən bütün bölgələr üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.

Eyni zamanda şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

publika.az