İtaliyanın avtomobil nəhəngi «Fiat» şirkəti ABŞ-ın «Chrysler» şirkətinin alınması ilə bağlı razılıq əldə edib. «Fiat» Amerika konserninin aktivlərinin qalan 42%-ni alacaq.
Bu razılaşma əldə edildikdən sonra «Fiat» dünyanın 7-ci ən böyük avtomobil istehsalçısı olacaq.
Xatırladaq ki, «Fiat» şirkəti «Chrysler»in aktivlərinin ilk hissəsini 2009-cu ildə əldə edib. Bu razılıq uzun müddət davam edən danışıqlardan sonra əldə olunub. Danışıqlar isə ABŞ-ın avtomobil istehsalçısı işçilərinin pensiya fondu olan VEBA ilə aparılıb.
Qeyd edək ki, «Chrysler» və «Fiat» ilkin olaraq bu Fonddan şirkətin səhmlərinin 41,6%-ni 3,65 mlrd. ABŞ dollarına alacaq. Razılıq əldə edildikdən sonra «Chrysler» şirkəti «Fiat»a 700 mln. dollar ödəyəcək. Şirkətlər arasında alış-veriş razılığı yanvarın 20-də tam yekunlaşacaq. İki şirkətin birləşməsi nəticəsində «Fiat» ABŞ avtomobil bazarına çıxış əldə edəcək. «Chrysler» isə kiçik qənaətcil avtomobillərin istehsalına başlaya bilər.
APA