Fevralın 12-si səhərədək Azərbaycanın rayonlarında fasilələrlə yenidən
qar yağacaq. Bəzi yerlərdə qarın intensiv olacağı gözlənilir. Bu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra
Tağıyeva bildirib.
Onun sözlərinə görə, Aran rayonlarında havanın temperaturu gecə 4-8,
gündüz 0-3 dərəcə şaxta, dağlıq rayonlarda gecə 15-20 dərəcə, gündüz
5-10 dərəcə şaxta təşkil edəcək: “Bu gün yağıntılar tədricən kəsiləcək,
lakin bu, qısamüddətli bir fasilədir. Ayın 9-dan 10-na keçən gecə hava
şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Amma ötən günlərlə
müqayisədə hava bir qədər mülayim olacaq. Bakı və Abşeron yarımadasında
da fevralın 10-da havanın yağıntılı olacağı, ayın 10 və 11-də
fasilələrlə qar yağacağı gözlənilir. Şaxtalı hava bir qədər
mülayimləşəcək. Temperatur gecə saatlarında 2-7 dərəcə şaxta təşkil
edəcək”.
U. Tağıyeva deyib ki, fevralın 10-da gündüz saatlarında temperatur 0
dərəcədən yüksək olacaq. Paytaxtda havanın temperaturunun 1-2 dərəcə
isti olacağı gözlənilir. Ayın 11-də gündüz saatlarında 0-2 dərəcə şaxta
olacaq: “Fevralın 12-də isə yağıntılar kəsiləcək. Temperatur tədricən
yüksələcək. Günorta saatlarında müsbət 3 dərəcəyə çatacaq”.
Büro direktoru bildirib ki, fevral ayın 13-dən sonra ölkə ərazisində
havanın temperaturu tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.
APA