Azərbaycan paytaxtında “Nə? Harada? Nə vaxt?” oyunu üzrə birinci Bakı marafonu keçiriləcəkdir
10.1.2014

Yanvarın 11-12-də Bakıda “Nə? Harada? Nə vaxt?” oyunu üzrə Azərbaycanda ilk marafon keçiriləcəkdir.
Azərbaycan İntellektual Klublar Assosiasiyasında bildirilmişdir ki, “Nə? Harada? Nə vaxt?” oyunu üzrə birinci Bakı marafonu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilir.
Turnirin təşkilatçısı Azərbaycan İntellektual Klublar Assosiasiyasına daxil olan “İçərişəhər” İntellektual Oyunlar klubudur.
Turnir iştirakçıları dünyanın aparıcı redaktorlarının tərtib etdiyi 333 suala cavab verməli olacaqlar. Oyun təqribən 16 saat davam edəcəkdir.
Dünya intellektual oyunlar hərəkatında çox populyar olan bu formatlı yarışlar bilicilər arasında həmişə böyük marağa səbəb olur.

AzərTac