Pakistanda 14 yaşlı
məktəbli "canlı bomba"nın terror partlayışı törətməsinin qarşısını
alaraq 1000 məktəblini ölümdən xilas edib.
Milli.Az
AsiaOne-a istinadən bildirir ki, Pakistanın şimal-qərbində yerləşən
Hənqu bölgəsinin İbrahimzay kəndində yaşayan 14 yaşlı Əziz Həsən Bənqaşa yaxınlaşan kişi orta məktəbin harada olduğunu soruşub.
Əzizin əmisi oğlu Müsəddiq Əli Bənqaş
deyir: "Hadisəni uzaqdan gördüm. Əziz ondan nə isə soruşan insandan
şübhələnmişdi. Az sonra Əzizlə həmin adam tutaşdılar. Əziz onu tutmuşdu,
buraxmırdı. Bu zaman partlayış baş verdi".
Sən demə,
Əziz Həsənin şübhələndiyi adam orta məktəbi partlatmaq istəyən "canlı
bomba" olub. 14 yaşlı məktəblinin ona bərk-bərk sarıldığını görən "canlı
bomba" aradan çıxmağa çalışanda qurşağındakı əldəqayırma partladıyıcı
konstruksiyanı işə salan düyməni təsadüfən basıb və partlayış baş verib.
Məktəblilərin dediklərinə görə, Əziz Həsən "canlı bomba" ilə dartışanda onu daşla da vurub.
Partlayışda "canlı bomba" və Əziz Həsən həlak olublar.
Pakistan
DİN-indən verilən məlumata görə, əgər "canlı bomba" partlayışı həyata
keçirsəydi, İbrahimzaydakı orta məktəbdə 1000 məktəbli həlak olacaqdı.
Pakistanın ABŞ-dakı sabiq səfəri Şerri Rehman Twitter-dəki profilində yazıb: "Əziz Həsən Pakistanın qürurudur. Onun qəhrəmanlığını dövlət mütləq dəyərləndirməlidir".
Əziz Həsənin atası, 55 yaşlı Mücahid Əli Bənqaşın dediyinə görə, oğlu ilə fəxr edir.