Hacı Zeynalabdin Tağıyevin doğum günüdür – Foto
10.1.2014

Xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il (bəzi mənbələrdə 1838) yanvar ayının 10-da Bakıda başmaqçı ailəsində anadan olub.

Kiçik yaşlarında fəhləlik etmiş, 15 yaşından bənnalığa başlamışdır. 1873-cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1878-ci ildə Tağıyevin mədənində baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda o, artıq 3 neft zavodunun sahibi idi.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kürətrafı və Xəzərqırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi olmuşdur.

O, müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərmiş, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunmuşdur.

1879-cu ildə Bakıya su kəməri çəkdirmişdir, 1901-ci ildə 325 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirmişdir. Bu, bütün Zaqafqaziyada yeganə qız məktəbi idi.

Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olmuşlar. N.Nərimanov, M.Əzizbəyov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məmmədova və b. H.Z.Tağıyevin köməyi sayəsində təhsil almışlar.

O, yeni tipli təhsil ocaqlarını ərəb, fars və türk dillərində kitablarla və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir.

H.Z.Tağıyevin bir sıra qəzet və jurnalların nəşrində (“Kaspi”, “Həyat”, “Tazə Həyat”, “Füyuzat” və.s ), mədəni-maarif cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində böyük əməyi olmuşdur. Onun 1880-ci ildə Bakıda tikdirdiyi ilk teatr binası xalq arasında “Tağıyev teatrı” adlanırdı.

Sovet hakimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdirildi. Ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. N.Nərimanov Azərbaycan Sovet hökumətinə rəhbərlik etdiyi dövrdə ona xeyirxah münasibət bəsləmiş, onu bolşevik hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur.

Qeyd edək ki, dünyada ilk dəfə heykəli ucaldılan azərbaycanlı Hacı Zeynalabdin Tağıyev olub. Özü də Böyük Britaniyanın Edinburq şəhərində. Bu barədə “Discovery” jurnalının mart-aprel 2012-ci il 7-ci sayında məlumat verilir.

Modern.az-ın məlumatına görə, məqaləni Bəhruz Heydəri adlı jurnalist yazıb.

Bu mühüm hadisənin tarixçəsi belədir:
Hindistandan İngiltərəyə geri dönən Uliyam Tol adlı inglis zadəganı yolüstü Bakıda Tağıyevin qonağı olur. Onun gördüyü işlər, dünya mədəniyyəti və təhsili üçün ayırdığı vəsaitlər, xeyriyyə işləri və sairəni görüb ondan xatirə üçün bir şəkil istəyir. Vətəninə geri dönən Uliyam Tol öz şəxsi hesabına Edinburqda ötən əsrin əvvələrində Tağıyevə heykəl qoydurur.

H.Z.Tağıyev 1924-cü il sentyabr ayının 13-də Mərdəkanda vəfat etmiş, Axund Əbuturab məqbərəsində dəfn edilib.

Oxu.az