7-10 yanvar tarixlərində Vasiliy Safonov adına Şimali Qafqaz Akademik Dövlət Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin “Traviata” və Qaetano Donisettinin “Il Campanello” operalarının premyerası baş tutub.
Yeni quruluşda səhnələşdirilən operaların musiqi rəhbəri və dirijoru – beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.
Tamaşaların quruluşçu heyəti – rejissor Andrey Noqin, rejissor assistenti – Anna Quzairova, geyim üzrə rəssam – Mariya Pavlova, işıq üzrə rəssam – Sergey Berejnoy, xorun rəhbəri – Alina Muxamedjanova, xoreoqraf – Nina Klepneva, səs rejissoru – Roman Rodionov, konsertmeysterlər- İrina Lyabax, Marqarita Beketova, Safonovdur. Əsas vokal partiyaların ifaçıları – beynəlxalq müsabiqələr laureatı Sergey Maydanov, Yelena Filimonova, Natalya Qovorskaya, Aleksey Ronçuqov, Yuliya Kolevatova, Viktor Juravlev, Evgeniy Bolıçevskiy, İqor Tarasenko, Mixail Xojigirov və Valeriy Şetindir. Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının direktoru, Rusiyanın əməkdar incəsənət xadimi Svetlana Berejnaya opera layihələrinin ideya müəllifi və rəhbəridir.
Qeyd etmək lazımdır ki, “Traviata” və “Campanello” operaları ilk dəfə olaraq Rusiyanın cənub regionunda tamaşaya qoyulmuş və musiqisevərlər arasında böyük marağa səbəb olub. Tamaşalara biletlər bir neçə həftə öncədən satılmış və təşkilatçılar əlavə olaraq giriş biletlərinin satışına qərar vermişlər.
Azərbaycanlı dirijor Əyyub Quliyevin Safonov Akademik Filarmoniyası ilə növbəti opera lahiyəsi 2014-cü ilin sentyabr və dekabr aylarına planlaşdırılmışdır – Sergey Raxmaninovun “Aleko” və Pyotr Çaykovskinin “Yevgeniy Onegin” operaları yeni quruluşda dinləyicilərə təqdim olunacaqdır.
publika.az