Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 11-12 fevral 2012-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Respublika Çempionatı keçirəcək.
GoMap.Az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionata Rusiya Federasiyasının, Türkiyə, Gürcüstan və İran Respublikalarının idmançıları da dəvət olunmuşlar. 2 turdan ibarət yarışa ümumilikdə 120 idmançının qatılacağı gözlənilir. 11 fevral 2012-ci il tarixində keçiriləcək yarışın I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 12 fevral 2012-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.
İdmançılarımız Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına böyük əhval-ruhiyyə ilə hazırlaşırlar və ümid edirik ki, yarışda müvəffəqiyyətlə iştirak edəcəklər.