“Riqa-2014” layihəsi təşkilat komitəsinin məlumatına görə, bu il Riqa Avropanın mədəniyyət paytaxtı elan edildi.
Təşkilat komitəsinin rəhbəri Diana Çivle bildirib: "Biz bu proqramı hazırlamağa başlayanda başa düşdük ki, mədəniyyət çox geniş məfhumdur. Bu yalnız konsertlər, bədii sərgilər, müasir incəsənət demək deyil, bu, eyni zamanda, gündəlik həyatımıza çox yaxın olan ənənələr və tədbirlərdir".
Avropanın mədəniyyət paytaxtı ilinin yanvarın 17-18-də Riqada keçiriləcək açılış mərasimində dünyanın hər yerindən çoxlu qonaq iştirak edəcək.
Litva Prezidenti Dalya Qribauskayte və Litva parlamentinin spikeri Loreta Qraujinene, Avropa İttifaqının təhsil və mədəniyyət məsələləri üzrə komissarı Andrulla Vassiliu, Avropa İttifaqının inkişaf və humanitar yardım üzrə komissarı Andris Piebalqs, İranın Mədəni İrs, Tətbiqi Sənət və Turizm Təşkilatının sədri, İranın vitse-prezidenti Məhəmməd Əli Nəcəfi, Estoniya parlamentinin spikeri Ene Erqma, İsveç Riksdaqının spikeri Per Vesterberq, İsveçin mədəniyyət naziri Lena Adelson Lilerot və Lüksemburqun Baş naziri Ksavye Bettel “Riqa-2014” layihəsinin açılışında iştiraklarını təsdiqləyiblər.
Bütün il ərzində şəhərdə çox geniş mədəniyyət tədbirləri proqramı həyata keçiriləcək. Opera teatrının yanında, geniş konsert zalının rəmzi hesab edilən açıq havada böyük qala-konsert təşkil olunacaq. Orada musiqi səhnəsinin ulduzları da çıxış edəcəklər. Bu, əlbəttə, akademik musiqidir, lakin bu konsert ümumi diqqəti cəlb etməlidir, çünki Latviyadan olan musiqiçilərin səviyyəsi çox yüksəkdir və dünyada yaxşı tanınırlar.
Daha sonra ən böyük beynəlxalq tədbir –xor ifaçılığı üzrə Dünya Olimpiadası başlayacaq. Bu tədbirin aktuallığı onunla izah olunur ki, Latviyada və ümumiyyətlə, bütövlükdə Baltik ölkələrində xor ifaçılığı çox inkişaf edib, zəngin ənənələr formalaşıb.
Tədbirdə dünyanın 90-dan artıq ölkəsini təmsil edən 20 mindən çox adam iştirak edəcək.
“Riqa - 2014-cü ildə Avropanın mədəniyyət paytaxtı” aksiyası çərçivəsində bir sıra beynəlxalq sərgilər keçiriləcək.
Proqramın tematik istiqamətlərindən biri “Kəhrəba yolu” mövzusudur.
Gün.Az