Bu axşam “Oscar” nominantlarının siyahısı açıqlanacaq
16.1.2014

Amerika kino sənəti akademiyası bu axşam, Bakı vaxtı ilə 17:38-də 2013-cü il Oskar mükafatı nominantlarının siyahısını açıqlayacaq. Mərasim Los-Ancelesin Beverli-Xillz rayonunda yerləşən Samuel Qoldvin Teatrında keçiriləcək. Mərasim 225 ölkədə canlı yayımlayacaq.

“Oskar” mükafatına namizədlərin siyahısını Akademiyanın prezidenti Şeril Bun Ayzeks və aktyor Kris Hemsvort elan edəcəklər.
Mükafatın əsas - “Ən yaxşı film” nominasiyasına adətən beşdən ona qədər film layiq görülür. Kinotənqidçilərin proqnozuna əsasən, bu il siyahıya Stiv Makkuinin real hadisələr əsasında çəkdiyi “12 il qul kimi” filmi, baş rollarda Sandra Bullok və Corc Kluninin çəkildiyi Alfonso Kuaronun “Qravitasiya” filmi, Aleksandr Peynin ağ-qara janrda çəkdiyi “Nebraska” tragikomediyası və digər filmlər daxil olacaq.

Rejissor Devid Rasselin artıq üç “Qızıl qlobus” qazanmış “Amerikasayağı fırıldaq” filmi də əsas namizədlər sırasındadır.
Amerika tənqidçiləri Sorrentinonun “Böyük gözəllik” filmini favorit kimi qeyd edirlər. Bu film, ən yaxşı xarici film kimi “Qızıl Qlobus” mükafatı alıb.

Qaliblərin adları martın 2-si, “Hollyvood end Highland” əyləncə mərkəzinin “Dolby” teatrında keçiriləcək 86-cı “Oscar” mərasimində məlum olacaq. Mərasim 225 ölkədə canlı yayımlayacaq.

ANS PRESS