Bu gün 59-cu “Eurovision” mahnı müsabiqəsinin ev sahibliyini edəcək Danimarkanın paytaxtı Kopenhagendə püşkatma mərasimi keçirilib.
Mərasimdən öncə Kopenhagenin müsabiqənin ev sahibi şəhəri kimi təqdimatı keçirilib. Daha sonra mərasimin aparıcıları bu ilin müsabiqənin püşkatmasının qaydalarını izah ediblər. Onlar bildiriblər ki, Danimarkanın qonşuları İsveç və Norveç əvvəlcədən müəyyən olunduğu kimi müvafiq olaraq 1-ci və 2-ci yarımfinallarda mübarizə aparacaqlar. Bu addım hər iki ölkədən gələcək azarkeşlərin sayın çox olması və digər ölkələrdən olan azarkeşlər üçün biletlərin saxlamasının vacibliyi ilə əlaqələndirilib. Eyni zamanda bildirilib ki, qonşu ölkələrin bir-birinə səs verməsinin qarşısını almaq üçün ölkələr 6 səbətə bölünüb. Azərbaycanın adı Belarus, Gürcüstan, Rusiya və Ukrayna ilə birlikdə 3-cü səbətə salınıb.
Daha sonra püşkatma keçirilib və nəticədə Azərbaycan təmsilçisinin 1-ci yarımfinalın birinci hissəsində İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacağı məlum olub.
Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukrayna mübarizə aparacaq.
Birbaşa finala vəsiqə alan Fransa, İspaniya və ev sahibi Danimarka bu yarımfinalda səs vermək hüququna malik olacaqlar.
Qeyd edək ki, ötən il İsveçin Malmö şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsində Danimarkanın təmsilçisi Emili de Forest “Only Teardrops” mahnısı ilə qalib qəlib. Bununla da Danimarka 2014-cü ilin müsahibənin ev sahiblik etməyə layiq görülüb.
Bu ilin “Eurovision” müsabiqəsinin 1-ci yarımfinalı mayın 6-sı, 2-ci yarımfinal mayın 8-i, böyük final isə mayın 10-u Kopenhagenin “B&W Hallerne” arenasında keçiriləcək.
Azərbaycanı bu il təmsil edəcək nümayəndənin kimliyi martın əvvəlində bəlli olacaq.
Ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.
APA