Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisinin
seçilməsi üçün milli final konserti keçirilib. Finala vəsiqə qazanan beş
finalçı arasından Səbinə Babayeva Azərbaycanı bu mötəbər müsabiqədə
təmsil etmək hüququ qazanıb.
Qalib İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
İsmayıl Ömərov, xalq artistləri Faiq Sücəddinov, Rauf Babayev, Zülfiyyə
Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, musiqişünas, professor
Zümrüd Dadaşzadə və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər
Nurəliyevanın daxil olduğu münsiflər heyətinin rəyi əsasında seçilib.
Milli final konserti Heydər Əliyev Sarayında baş tutub. Açılış mərasimi
57 illik “Eurovision” Mahnı Müsabiqəsinin tarixini, eləcə də
Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 4
illik təmsilçiliyindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.
Milli finalın keçirildiyi səhnədə bir böyük, 6 daha kiçik ölçülü LED
ekranlar quraşdırılıb. Bu ekranlarda “Eurovision -2012”-nin şüarı - “Öz
məşəlini alovlandır”ı (“Light your fire”) əks etdirən xüsusi roliklər
nümayiş etdirilib.
Eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinin, tarixi məkanlarının əks
olunduğu kadrlardan ibarət görünrülər də bu video-çarxlarda yer alıb.
Video
Aparıcılar Hüsniyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyev səhnəyə
xüsusi rəqslə çıxıblar. Təmsilçilik adı uğrunda beş nəfər –Orxan
Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu
İsmayılova mübarizə aparıb. Hər finalçı üç mahnı ifa edib. Proqramda
Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən və
beşincilik qazanan Səfurə Əlizadə maraqlı şou nümayiş etdirib.
Gecənin xüsusi qonaqları qismində Türkiyənin “Eurovisio -2012”
təmsilçisi Can Bonomo və Malta təmsilçisi Kurt Kalleya (Kurt Kalleja)
çıxış ediblər.