Bakı Metropoliteninin yeni xətləri və stansiyalarında müasir idarəetmə sistemi, enerji təchizatı, mikroiqlim şəraiti tətbiq olunacaqdır
21.1.2014

Bakı Metropoliteninin perspektiv inkişaf planında ən müasir sistemlərin tətbiqi də nəzərdə tutulmuşdur.
Metropolitendən bildirilmişdir ki, tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcəkdir. Bu xətlərə 35 kilovoltluq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcəkdir. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılmışdır. Artıq layihələndirmə işləri tamamlanmışdır. Bu yarımstansiyalar metronun 75 stansiyasını qidalandırmaq gücünə hesablanmışdır.
Yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması da nəzərdə tutulmuşdur. Sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsilə təmin ediləcəkdir. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşmış olacaqdır.
Həmçinin Bakı metrosunda yeni tikilən xətlərdə qatarların hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaqdır.

AzərTac