Yanvarın 17-18-də “Los Angeles Times” qəzeti tərəfindən Los Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Artıq üçüncü ildir ki, Azərbaycan bu məşhur sərgidə təmsil olunur.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş “Azərbaycan: əfsanəvi qonaqpərvərik diyarı” başlıqlı Azərbaycan stendində ölkənin turizm imkanları barədə müxtəlif bannerlər, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Sərgiyə üç Azərbaycan turizm şirkəti - “Wonders of Azerbaijan”, “Spektr” və “SkyTravel” şirkətləri qatılaraq Azərbaycana səfər üçün turizm paketləri təqdim ediblər.
APA