Ennio Morrikone: “Möhtəşəm Bakı şəhərində çıxış etmək şərəfinə nail olduğuma görə xoşbəxtəm”
23.1.2014

Bakıda Heydər Əliyev Sarayında zamanımızın ən böyük bəstəkarı və dirijoru Ennio Morrikone geniş konsert proqramı ilə çıxış edəcək.

25 yanvar 2014-cü il tarixində pərəstişkarlar maestronun ifasında sevdikləri film mahnılarını dinləyəcək, onun nadir istedadından zövq ala biləcəklər.

“Mən xöşbəxtəm ki, möhtəşəm Bakı şəhərində çıxış etmək şərəfinə layiq görülmüşəm. Dinləyicilərin konsertdən zövq alması məni çox sevindirəcək. Konsert zamanı auditoriyanın mehribanlığı və səmimiliyini hiss etmək ümidindəyəm. Hamıya təşəkkürümü bildirirəm” - deyə Ennio Morrikone Bakıdan olan pərəstişkarlarına müraciətində qeyd edib. Konsert öncəsi maestro Azərbaycan KİV nümayəndələri ilə görüşüb.

Dəfələrlə “Oskar” mükafatına, 4 dəfə “Qızıl qlobus” mükafatına layıq görülən, “Qremmi”, “Qızıl şir” və Venesiya kinofestivalının qalibi olan maestro Morrikone Bakıda Heydər Əliyev Sarayında Ü.Hacıbəyov adına Azərbaycan simfonik orkestri və Azərbaycan xor kapellası ilə birlikdə unudulmaz konsert proqramı ilə çıxış edəcək. Ennio Morrikone ilə birlikdə sarayın səhnəsində 200-dən çox musiqiçi olacaq.

Maestro 400-dən çox film və seriala musiqi bəstələyib. İtaliya, İspaniya, Fransa, Almaniya, Rusiya, ABŞ-da çəkilən bu filmlərdən bəziləri dünya kinematoqrafının şedevrləri sırasına daxildir. Həmin filmlərdən “ Amerikada bir gün”, “Professional”, “Yaxşı, Pis, Zalım”, “Vəhşi Qərbdə bir gün”, “Malena”, “Dekameron”, “Lolita”, “Billi öldürmək” və b. qeyd etmək olar. Konsert “Buta” İncəsənət Mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Gün.Az