Davosda “Azərbaycan gecəsi” keçirilmişdir
24.1.2014

Yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib.

Gecədə minədək şəxs iştirak edib.

Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirib.

R.Abdullayev qeyd edib ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

“Ötən ilin sonunda Bakıda “Şahdəniz-2” üzrə yekin investisiya qərarının imzalanması bunu bir daha təsdiqləyir”.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Azərbaycanın mühüm rolu olduğunu bildirib.

G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Qeyd edək ki, “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur.

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi Azərbaycanın dünyada daha yaxşı tanıdılması və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir.

İqtisadi Forumun keçirildiyi günlərdə Davosun müxtəlif yerlərində Azərbaycanın və SOCAR-ın nailiyyətlərindən bəhs edən çoxsaylı reklam lövhələri və banerlər nümayiş etdirilib.

Gün.Az