Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva Rusiya Federasiyasının dünya şöhrətli İ. M. Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına
layiq görülüb.
Universitetin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü,
tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun bu barədə məktubunda
deyilir: “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rəhbərliyi Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın
xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin,
sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə
sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul
edib. Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında
yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm
layihələr, o cümlədən “Xərçəng xəstəliyinin milləti yoxdur”, “Gənclər
QİÇS-in və narkomaniyanın əleyhinədir”, “Sağlam olmağını yəqin et” kimi
layihələr, habelə xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün
evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Xanım Əliyevanın ana
və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər
xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda
iştirakı olduqca qiymətlidir. Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur
ki, ali məktəbimizin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz
fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır”.
Qeyd edək ki, beynəlxalq miqyasda tanınan İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxtadək
yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər
Akademiyasının akademiki Yevgeni Çazov və dünya şöhrətli ürək cərrahı
Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya layiq görülüblər.
APA