Rusiyanın Moskva
vilayətində, paytaxt Moskvadan 45 kilometr aralıda, hərəkətin gur olduğu
Yaroslav şossesindən kənardakı meşəlikdə zaman geriyə qayıdıb.
24 yaşlı Pavel Sapojnikov 9-cu əsrdə yaşayır. 24 yaşlı gənc çağdaş yaşamın bütün
nailiyyətlərindən imtina edərək 9-cu əsrin, orta əsrlərin həyatını
yaşayır. Onun həyatında qarğıdalı, kartof, pomidor yoxdur. Telefon, radio, televizor, qaz sobası, elektrikdən də danışmağa dəyməz.
"Ratobortsı"
və ya "Keçmişə səyahət" adlanan bu layihəni gerçəkləşdirən, sınağı
reallaşdıran Pavel Sapojnikov 12 əsr əvvəl yaşamış insanın həyatını
yaşayır. Moskvadakı Seçenov adına Tibb Universitetində
təhsilini 4-cu kursda yarımçıq qoymuş Pavelin dediyinə görə, belə həyat
onun üçün çox maraqlıdır.
"Eksperimentə dəvət olunanda
çox düşünmədim. Özümü 9-cu əsrin adamı qismində sınamağa qərar verdim.
Hələlik pis alınmır. Amma tək yaşamaq, öyrəşdiyim, alışdığım əşyalar və
texnologiyalardan istifadə etməmək bir qədər çətindir", - Pavel deyir.
"Ratobortsı" layihəsinin rəhbəri Aleksey Ovçarenkonun dediyinə görə, eksperiment martın 22-dək davam edəcək.













Milli.Az