Rumıniyada azərbaycanlı və türk piano ifaçılarının konserti olmuşdur - FOTO
28.1.2014

Rumıniya Türk Qadın İş Adamları dərnəyinin təşkilatçılığı ilə yanvarın 27-də Buxarest şəhərində fəaliyyət göstərən “Lumina” Universitetində azərbaycanlı və türk piano ifaçılarının konserti keçirilmişdir.

Tədbirdə Azərbaycanın və Türkiyənin Rumıniyadakı səfirliklərinin əməkdaşları, türk-tatar diasporunun nümayəndələri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Türk Qadın İş Adamları dərnəyinin sədri Birgül Şenyuva mərasimi açaraq tədbirdə iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq Artisti Yeganə Axundovaya və bu akademiyanın doktorantı Dərya Ağçaya minnətdarlığını bildirmişdir. O, belə tədbirlərin xarici ölkələrdə Azərbaycan və türk mədəniyyətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Sonra konsert olmuşdur. Musiqi gecəsində Azərbaycan və türk bəstəkarlarının repertuarlarından ifalar və xalq musiqiləri səslənmişdir.

AzərTAc