Yanvarın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova görkəmli bəstəkar Şəfiqə Axundovanın yaradıcılığından söhbət açmışdır.
Bildirilmişdir ki, dahi bəstəkar Üzeyir Hacıbəyli irsinin davamçısı, Şərqin ilk opera yazan qadın bəstəkarı olan Şəfiqə Axundovanın bənzərsiz yaradıcılığı hələ neçə-neçə musiqişünasın diqqətini cəlb edəcək və müğənnilərin repertuarını bəzəyəcəkdir.
Sənətşünasliq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın “Gəlin qayası” operası, “Ev bizim, sirr bizim” operettası, bir-birindən gözəl, yaddaqalan “Lay-lay”, “Nədən oldu?”, “Mehriban olaq” və s. mahnıları ilə ürəkləri fəth etdiyini, neçə-neçə sənət adamlarının püxtələşməsində böyük rol oynadığını, xalqın hafizəsində lirik mahnılar müəllifi kimi yaşayacağını bildirmişdir.
Sonra Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar Artist Nuriyyə Hüseynova, Xalq Artisti, tarzən Ramiz Quliyev, istedadlı gənc vokalçı Ramil Qasımov və başqalarının ifasında bəstəkarın əsərlərindən parçalar və lirik mahnılar səslənmişdir.
AzərTAc