Fransanın tramvay istehsalı və tramvay xəttinin çəkilişi ilə məşğul olan “Alstom” şirkəti gələcəkdə Bakıda tramvay xəttinin bərpa olunmasında iştirak etmək istəyir.
Bu barədə şirkətin Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə vitse-prezidenti Filip Romyo (Philippe Romieu) bir qrup jurnalistlə söhbətində bildirib.
O qeyd edib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır:
“Bildiyimə görə, 20-30 il əvvəl Bakıda tramvay xətti olub. Bakıda tramvayların yenidən bərpa olunması prosesində biz iştirak etmək istəyirik. Bir neçə il sonra Bakıda tramvay xəttinin salınması əla ideya ola bilər”.
Bundan başqa, şirkətin nümayəndəsi bildirib ki, hazırda Gəncə şəhərində tramvay xəttinin çəkilişi ilə bağlı danışıqlar aparılır.
Onun sözlərinə görə, “Alstom” şirkətinin törəmə şirkəti “NTL” bu tramvayların istehsalı ilə məşğul olacaq, “Alstom” isə mühəndislik işini görəcək:
“Mən bir il öncə Gəncə şəhərinə ilk səfərimi etmişəm. O vaxtdan bəri ən optimal texniki qərarı vermək üçün böyük işlər görümüşük”.
P.Romyo bildirib ki,təmsil etdiyi şirkət Gəncədə təkərli tramvay çəkəcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, Gəncədə tramvay xətti layihəsində nəzərdə tutulan əraziləri analiz edən mütəxəssilər bu şəhərdə təkərli tramvayın olmasını məqsədəuyğu hesab ediblər.
Qeyd edək ki, bu cür tramvaylar 1994-cü ildən istifadə olunur. Bu tramvayların sürəti 50-70 km/saat təşkil edir.
Bundan başqa, şirkət nümayəndəsi Bakıda yeni metro xəttinin çəkilişində iştirakla bağlı Bakı Metropoliteni ilə danışlqlar apardıqlarını qeyd edib. O bildrib ki, yeni stansiyaların çəkilişi ilə bağlı tender elan olunmasını gözləyirlər.
Qeyd edək ki, “Alstom” şirkəti 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.
Şirkət indiyədək “Azerenerji” ilə əməkdaşlıq edib, bir neçə İstilik Elektrik Stansiyası quraşdırıb.
gun.az