Bakıda və bölgələrdə “Səyyar klinika” layihəsi həyata keçiriləcəkdir
29.1.2014

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ”Memorial” Klinik Tibb Mərkəzinin təşkilatçılığı ilə “Səyyar klinika” layihəsi həyata keçiriləcəkdir.
Layihənin rəhbəri Rəşad Çobanlı bildirmişdir ki, layihə fevralın 5-dən 12-dək Bakı, Gəncə, Şamaxı və Qubada reallaşacaqdır.
Layihə çərçivəsində ”Memorial” Klinik Tibb Mərkəzinin həkimləri və tibb təhsili alan tələbələrdən ibarət heyət tərəfindən gənclərə ilkin konsultasiyalar veriləcəkdir. Bundan əlavə, gənclərin ümumi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədi ilə anket-sorğu keçiriləcək, geniş yayılmış xəstəliklər, sağlam həyat tərzi, check-up müayinəsinin əhəmiyyəti haqqında maarifləndirmə işləri aparılacaqdır.
Layihənin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzinin təbliğindən, yeniyetmə və gənclərin ümumi sağlamlıq vəziyyətinin öyrənilməsindən, gənclər arasında yoluxucu xəstəliklər və zərərli vərdişlər haqqında maarifləndirmənin təşkilindən ibarətdir.

AzərTAc