Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai Teleradio) ilə “Euronews” telekanalı arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən bildirilmişdir ki, müqaviləni telekanalların baş direktorları İsmayıl Ömərov və Maykl Piters imzalamışlar.
“Euronews”un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və “Euronews’ kanallarının nümayəndə heyətləri arasında keçirilən görüşdə baş direktor İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə kimi qiymətləndirmişdir.
“Euronews”un Qızıl üzvü (Gold Member) kimi İctimai Televiziyanın bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq, eləcə də onun daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcəkdir. Dünyada, o cümlədən Azərbaycanda baş verən mühüm hadisələr zamanı “Euronews”un daimi müxbirləri və İctimai TV arasında əməkdaşlıq əlaqələri qurulacaqdır. Bununla yanaşı, Ictimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb-saytında yayım həyata keçirə bilər.
Parisdə iki telekanalın nümayəndə heyətləri arasında keçirilən görüşdə İctimai Televiziyanın işçi heyətinin tezliklə “Euronews”un Liondakı baş ofisinə səfər etməsi və burada xəbər xidməti ilə tanışlıq barədə razılıq əldə olunmuşdur. İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov isə “Euronews” rəhbərliyini Bakıya dəvət etmiş və qısa müddətdə müqavilənin icrasına başlanılmasının vacibliyini bildirmişdir.