Bakıda “Rus violonçel məktəbi” fotosərgisi açılmışdır - FOTO
29.1.2014

Yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının foyesində “Rossotrudniçestvo” agentliyinin, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzey Birliyinin və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin dəstəyi ilə “Rus violonçel məktəbi” fotosərgisinin açılışı olmuşdur.

Rus violonçel məktəbinin yüz əlli ildən çox yaşı vardır. Onun banilərindən biri rus bəstəkarı və violonçelisti Karl Yulyeviç Davıdovdur. Violonçel məktəbinin digər bir cərəyanının yaradıcısı virtuoz alman violonçelisti Karl Fridrix Vilhelm Fitsenhagen olmuşdur.

Sərgidə K.F.V.Fitsenhagen, M.Rostropoviç, N.Qutman, A.Verjbiloviç, Y.Belousova, V.Kubatski, S.Knuşevitski, N.Şaxovskoy və digər görkəmli ifaçıların fotoşəkilləri, habelə arxiv sənədlərinin, Rusiyanın dövlət və xüsusi kolleksiyalarında saxlanılan notların surətləri nümayiş etdirilir. Sərgi fevralın 9-dək davam edəcəkdir.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi həvəskarları üçün konsert olmuşdur. Konserti Qara Qarayev adına Dövlət kamera orkestri açmışdır.

AzərTAc