Bakı Ali Neft Məktəbi reytinq göstəricilərinə görə ölkədəki ali təhsil müəssisələri arasında birinci olmuşdur
29.1.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalının 12-ci nömrəsində “2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili” və ölkədəki ali təhsil müəssisələrinin reytinqi barədə məlumat verilmişdir.
Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat xidmətindən bildirilmişdir ki, reytinq göstəricilərinə görə məktəb 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini qoruyub saxlamış və 2013-cü ildə də ölkədəki ali təhsil müəssisələri arasında birinci olmuşdur.
Ötən il birinci ixtisas qrupu üzrə 600 baldan çox toplamış 369 abituriyentdən 121-i bu ali təhsil ocağının ixtisaslarını seçmişdir. 2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə BANM-da minimal keçid balı 634, neft-qaz mühəndisliyi ixtisası üzrə orta bal 661, kimya mühəndisliyi ixtisası üzrə 646, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə isə 669 bal olmuşdur.

AzərTAc