Nazirlər Kabinetinin “Təhsilin bakalavar və magistr səviyyəsində təşkili ilə bağlı” müvafiq qərarı var və bu, fevralın 25-dən qüvvəyə minəcək.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, yeni qərarda tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub. Onun sözlərinə görə, bu qərara əsasən, tələbə ümumi 30%-40% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq: “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ömür boyu təhsil nəzərdə tutulub. Biz belə qərara gəlmişik ki, tələbə dərsə davamiyyət limitini keçdiyi halda belə universitetdən xaric olunmasın. Sadəcə olaraq, tələbə imtahana buraxılmır, dərsi yenidən oxumalı, yay məktəbində, gələn semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə bilər”.
Nazirlik rəsmisi Azərbaycan Beynəlxalq Universitetinin məzunlarının taleyinə də aydınlıq gətirib. O bildirib ki, ABU-nu bitirən əksər məzunları diplomla təmin olunsa da, bəziləri hələ də diplomlarını ala bilməyiblər: “Qısa zaman ərzində Təhsil Nazirliyinə Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı minlərlə ərizə daxil olub. Ali məktəbə qanunu yolla qəbul olunan bütün tələbələr öz diplomlarını alacaqlar. Bu ali məktəblə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır. Nazirliyə müraciət edən insanların problemlərinin həlli üçün onların bir qismi idarəyə yönəldilib. Bu məsələyə aydınlıq gətiriləcək və əhaliyə ətraflı məlumat veriləcək”.
APA