Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü, Xalq Artisti Tariyel Qasımovun 75 yaşı tamam olacaqdır.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, bu münasibətlə aprelin 1-də Gənc Tamaşaçılar Teatrında sənətkarın 75 illik yubileyi təntənəli şəkildə qeyd ediləcəkdir.
Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya göz açan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirərək Gənc Tamaşaçılar Teatrındın aktyoru kimi əmək fəaliyyətə başlamışdır. Həyatını bu sənət məbədinə bağlayan istedadlı aktyor ötən müddətdə bir-birindən maraqlı, bənzərsiz obrazlar qalereyası yaratmışdır.
İstedadlı aktyor Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Qazax, Dərbənd və Ağdam dövlət dram teatrlarında da maraqlı tamaşalara səhnə həlli vermişdir.
Tanınmış aktyorun zəhməti həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar Artist, 1991-ci ildə Xalq Artisti fəxri adlarına, 2005-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür.
AzərTac