Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər.
Prezident İlham Əliyevə məlumat verildi ki, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışdılar, xatirələrini bölüşdülər, Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdilər.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirdi.
Sonra Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü.
Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstəsi qoydular.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdilər, onlarla səmimi söhbət etdilər.
Gün.Az