Bakıda Su İdmanı Sarayı ən müasir standartlar səviyyəsində inşa olunacaq
3.2.2014

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair Sərəncam imzalamışdır.

Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikiləcək və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verəcəkdir.

Sarayda 3 üzgüçülük hovuzu qurulacaqdır. Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuzdan yarışlar zamanı istifadə ediləcəkdir. Digər iki hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan əlavə, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları, işçi və köməkçi otaqlar da fəaliyyət göstərəcəkdir.

Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaqdır. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Saray, həmçinin paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.

Gün.Az