Türkiyəli müğənni Bakıda ilk solo konsert proqramı ilə çıxış edəcəkdir
4.2.2014

Martın 17-18-də Türkiyənin “yeni super ulduzu” Murat Boz Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edəcəkdir.
Uzun müddət super ulduz Tarkanın vokalisti kimi çalışan Murat Boz solo karyerasına 2006-cı ildə “Aşkı bulamam ben” mahnısı ilə başlamışdır. Bir-birinin ardınca oxuduğu “Püf”, “Uçurum”, “Geri dönüş olsa”, “Özlədim”, “Aşkın suçu yok” və s. mahnılarının hər biri hitə çevrilmiş və müğənniyə böyük tamaşaçı sevgisi qazandırmışdır.
Sənətçinin “Maximum”, “Şans”, “Aşklarım büyük benden” və “Dönüş” adlı albomları həm tamaşaçılar, həm də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır.
Murat Boza görə, səhnədə performans zamanı təkcə oxumaq yetərli deyil. Çünki tamaşaçının qulaq zövqünü oxşamaqla yanaşı, eyni zamanda, onun göz zövqünü də nəzərə almaq vacibdir. Buna görə də müğənni səhnə performanslarında dünyanın məşhur pop ulduzu Madonnanı həmişə özünə örnək hesab edir.
Türkiyədəki kimi, Azərbaycanda da çox populyar olan sənətçinin Bakıda ilk solo konserti Novruz bayramı ərəfəsində müğənnin pərəstişkarları üçün möhtəşəm hədiyyə olacaqdır.
Konsertin biletlərini şəhərin bütün kassalarından əldə etmək mümkündür.

AzərTAc