Qubada təyyarədən restoran düzəldirlər - FOTO
5.2.2014

Quba rayonunun Qələdüz kəndində istifadəyə yararsız təyyarədən restoran kimi istifadə ediləcək.

Bu məqsədlə Rusiya istehsalı olan TU-134B markalı təyyarə kranların köməyi ilə sütunların üzərinə qaldırılıb. İçərisində təmizlik və təmir işləri görülüb. Təyyarənin restoran kimi istifadə olunacaq hissəsinin uzunluğu 17,5 metr, ağırlığı isə 8 tondur.

Qurulacaq unikal restoranın sahibi Dağlı-Qələdüz bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev istifadəyə yararsız təyyarənin hissələrin ona hədiyyə edildiyini bildirib. Hava gəmisi Bakıda adıçəkilən əraziyə ötən ilin oktyabr ayında gətirilib. Restoranı açacaq şəxs yaxın vaxtlarda təyyarənin digər hissələrini də kəndə gətirməyi planlaşdırır.

Maraqlıdır ki, qonaqlar "təyyarə restoran"a trap vasitəsilə qalxacaqlar. "Təyyarə restoran"ın ümumi görünüşünü tamamlamaq üçün onun qanadları da əsas hissəyə birləşdiriləcək.

Qeyri-adi restoranın yaradılmasında əsas məqsəd bol müştəri toplamaq və yaxşı gəlir əldə etməkdir. Qubanın Qələdüz kəndi dağ turizmi üçün əlverişli şəraitə malik olduğundan "təyyarə restoran"a turistlərin böyük axın edəcəyi gözlənilir.













trend.az