“Azercell Telekom” 2014-cü il yanvarın 1-dən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq etməyə başlamışdır.
Bu tarif 0.32 manat təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.
Şirkətin mətbuat xidmətindən bildirilmişdir ki, MDB və Baltikyanı ölkələrinə edilən zəngin qiyməti bir dəqiqəyə görə 0.37 manatdan 0.32 manata, İran və Türkiyəyə edilən zənglər üçün 0.43 manatdan 0.32 manata, Avropa, Amerika qitəsi ölkələrinə edilən zənglər üçün isə 0.50 manatdan 0.32 manata endirilmişdir.
Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-dək edilən beynəlxalq zənglərə əlavə 25 faiz endirim tətbiq olunur. Bu müddət ərzində abonentlər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə şirkətin xidmətlərdən istifadə edə bilərlər.
“Azercell Telekom”, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən eksklüziv endirim zonasından istifadəni təklif edir. Burada bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng etmək olar.
Ölkənin bütün mobil operatorlarının şəbəkəsində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Tarif Şurası tərəfindən irəli sürülmüşdür.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət etmək olar.
AzərTAc