Oktyabrın 18-19-da Moskvanın “Krokus Siti Holl” səhnəsində vokalçıların Müslüm Maqomayev adına III Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır.
Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arası xüsusi musiqi təhsili olan peşəkar ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər.
İlkin baxışın yekununa əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək Moskvada keçiriləcək müsabiqəyə dəvət alacaqdır.
Müsabiqənin münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqinin ulduzları, musiqili teatrların dirijorları, estrada sənətinin və müxtəlif ölkələrin mədəniyyətinin hamı tərəfindən qəbul olunmuş ustadları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar.
İki turda keçiriləcək müsabiqə Rusiyanın və xarici dövlətlərin KİV-ləri tərəfindən işıqlandırılacaqdır. Bu turlar simfonik orkestrin müşayiəti ilə aparılacaqdır. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.
Sözügedən müsabiqə müxtəlif ölkələrin musiqiçiləri, məktəb və istiqamətləri üçün təcrübə mübadiləsi, vokal sənətinin inkişaf perspektivinin müzakirəsi baxımından həm də bir forumdur.
Müsabiqənin əsasnaməsinə əsasən “Qran-pri” mükafatına 30.000 ABŞ dolları və laureat adı, 1, 2 və 3-cü mükafatı üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 25.000, 15.000, 10.000 ABŞ dolları və laureat adları nəzərdə tutulmuşdur.
Vokalçıların Müslüm Maqomayev adına III Beynəlxalq müsabiqəsində iştirak arzusunda olanlar aprelin 15-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər. Ətraflı məlumatı www.m-magomaev.ru/contest/about/ keçidinə daxil olmaqla öyrənmək mümkündür.
AzərTAc