Nyu-Yorkda “Mersedes-Benz Fashion Week” moda həftəsi start götürür. Onlarca tanınmış kutyurye və moda evi səkkiz gün ərzində 2014-cü ilin payız mövsümünün kolleksiyasını təqdim edəcəkdir.
Tədbirin keçirildiyi əsas məkan Linkoln Mərkəzi olacaqdır. Burada nəhəng çadırlar qurulacaqdır. Moda nümayişləri meqapolisin başqa məkanlarda da keçiriləcəkdir.
Moda həftəsi ötən illərdə olduğu kimi “BCBG” və Nicholas K.” kimi tanınmış moda evlərinin kolleksiyalarının nümayişi ilə açılacaqdır. Maykl Kors, Donna Karan, Karolina Errera, Vera Vonq, Nikol Miller, Ralf Loren və Mark Ceykobs kimi tanınmış modelyerlər öz kolleksiyalarını təqdim edəcəklər. Həftədə yeni başlayan dizaynerlər də iştirak edəcəklər.
Nümayişlərin çoxu internetdə onlayn rejimində yayımlanacaqdır. Ötən il podiumlarda baş verənləri 190 ölkədən 3,7 milyon dan çox insan izləmişdi.
Amerikanın məşhur dəridən üst geyim və aksessuar istehlakçısı olan “Kouç”un təqdimatı moda həftəsinin parlaq hadisəsinə çevrilməyi vəd edir. Britaniya dizayneri Stüart Vevers bu yaxınlarda brendin yeni kreativ direktoru olmuşdur. O, bu vəzifədə “Kouç”da 18 il işləmiş Rid Krakoffu əvəzləmişdir.
S.Vevers əvvəllər “Lui Viton” (Louis Vuitton), “Malberri” (Mulberry) və “Loeve” (Loewe) kimi tanınmış moda evlərində işləmişdir. “Hugo Boss” moda evinin yeni kolleksiyası da diqqət mərkəzində olacaqdır. “Hugo Boss” da bu yaxınlarda kreativ direktorunu dəyişmişdir. Həmin vəzifəyə Amerika modelyeri Ceyson Vu təyin edilmişdir.
ABŞ-ın birinci xanımı Mişel Obama Prezident Barak Obamanın istər birinci, istərsə də ikinci andiçmə mərasimində məhz həmin dizaynerin tikdiyi paltarda iştirak etmişdir.
Bundan əlavə, artıq 30 ildir kolleksiyalar yaradan məşhur dizayner Donna Karanın paltarlarının təqdimatı da olacaqdır. Yeri gəlmişkən, Hollivudun ən məşhur stilistlərindən biri - Reyçel Zoui öz kolleksiyasının nümayişini ləğv etmişdir. Ötən ilin dekabrında ikinci dəfə ana olan stilist Los-Ancelesdən Hyu-Yorka gələ bilməyəcəkdir.
Nyu-Yorkda ilk moda həftəsi 1943-cü ildə İkinci dünya müharibəsinin ən qızğın çağında keçirilmişdir. Hazırda ildə iki dəfə - fevralda və sentyabrda keçirilən moda həftəsi 200 mindən çox tamaşaçı toplayır.
Nyu-Yorkda moda baxışı fevralın 13-dək davam edəcəkdir. Onun ardınca London, Milan və Parisin podiumlarında moda nümayişləri davam edəcəkdir.
AzərTac