65 il bir yerdə yaşayan ər-arvad eyni gündə vəfat etmişlər
16.2.2012

ABŞ-ın Pensilvaniya ştatında 65 il rəsmi nikahda yaşayan ər-arvad 88 dəqiqəlik fərqlə həyatdan köçmüşlər.
Marcori Lendis uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat etmişdir. Həyatının son anlarında onun yanında 89 yaşlı əri Ceyms Lendis olmuşdur. Xudahafizləşərkən o, arvadına demişdir ki, hər şey qaydasındadır: "Mən səni sevirəm. Biz bir yerdə çox gözəl illər yaşamışıq. Tezliklə biz yenidən görüşəcəyik".
Saat yarımdan sonra isə Ceymsin vəziyyəti pisləşmiş və ürək tutmasından vəfat etmişdir. Onun nəvəsi Evan Millerin sözlərinə görə, onlar bir-birindən ayrı yaşaya bilməmişlər. Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Lendis və onun həyat yoldaşı bir-biri ilə rəqs meydançasında tanış olmuş, 1946-cı ildə evlənmişlər.
Qlazqo Universitetinin alimlərinin tədqiqatlarına görə, ər-arvadın eyni vaxtda ölməsi nadir hadisə deyil.
Belə bir fərziyyə də mövcuddur ki, birgə həyat ərzində ərlə arvadın ürək ritmləri arasında hansısa əlaqə yaranır. Bu əlaqənin kəsilməsi ürəyin dayanmasına gətirib çıxara bilər. Alimlərin bir qismi isə əmindir ki, yaşlı adamlar, bir qayda olaraq, yaxın adamın itkisinə çətin tab gətirirlər.