Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindən - FOTOLAR
10.2.2014

Fevralın 7-də Soçidəki “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlamışdır.

Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaqdır. Belə ki, Soçidə 88 ölkədən olan idmançılar çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 medal dəsti uğrunda mübarizə gedəcəkdir. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.

Soçi Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər. Bundan başqa, Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər.

XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi videoçarxın nümayişi ilə başlamışdır. Videoçarxda tamaşaçıları Olimpiadaya ev sahibliyi edən ölkə, onun nailiyyətləri və tanınmış nümayəndələri ilə əlifba üzrə tanış etmişlər.
Sonra Rusiya Federasiyasının bayrağı qaldırılmış, bu ölkənin himni səsləndirilmişdir.

Daha sonra iştirakçı ölkələrin ənənəvi paradı başlanmışdır. Azərbaycan komandası dördüncü keçmişdir. Ölkəmizin bayrağını Patrik Braxner aparmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlamışlar.

İdmançıların paradı başa çatdıqdan sonra “Rusiya haqqında yuxular” adlı səhnələşdirilmiş tamaşa nümayiş etdirilmişdir.

Daha sonra stadionu XXII Qış Olimpiya Oyunlarının rəmzləri bəzəmiş və lazer effektləri ilə xüsusi şounun nümayişinə başlanmışdır. Bu şounun mahiyyətini Rusiya tarixi və onun əsas dövrlərinə aid kompozisiyalar təşkil etmişdir. 18 fəsildən ibarət şouda XX əsrin əvvəlinə və Rus inqilabına həsr edilmiş kütləvi səhnələr maraqla qarşılanmışdır. Avanqard incəsənət ruhunda hazırlanan bu hissə iki saatdan çox davam etmişdir. Açılış mərasiminin kütləvi səhnələrində, o cümlədən rəqs, balet, akrobatik və sirk nömrələrində üç min aktyor və iki mindən çox könüllü iştirak etmişdir. Direktoru və ssenari müəllifi Rusiyanın Birinci telekanalının baş direktoru Konstantin Ernst olan şounu dünyada televiziya vasitəsilə 3 milyarddan çox insan izləmişdir.

Şou başa çatdıqdan sonra “SOÇİ-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlamış, bu oyunların Rusiyada keçirilməsindən fəxr etdiklərini bildirmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax da Soçidə baş tutan bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulamışdır.

Sonra Rusiya Prezidenti Vladimir Putin XXII Qış Olimpiya Oyunlarını açıq elan etmişdir.

Sonra rejissor Nikita Mixalkov, aktrisa və “Həyat bəxş et” Fondunun həmtəsisçisi Çulpan Xamatova, xokkeyçi Vyaçeslav Fetisov, konkisürən Lidiya Skoblikova, ilk qadın kosmonavt Valentina Tereşkova, “Vesti”nin Suriyadakı xüsusi müxbiri Anastasiya Popova, dirijor Valeri Gergiyev və kiberyürüşçü Alan Yenileyev Olimpiya bayrağını stadiona gətirmişlər.
Olimpiya himni səsləndirilmişdir.
İdmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilmişdir.
Mərasimin sonunda stadionda Olimpiya Məşəli alovlandırılmışdır. Məşəli fiqurlu konkisürmə üzrə üçqat Olimpiya, onqat dünya çempionu İrina Rodnina və məşhur xokkey qapıçısı, üçqat Olimpiya çempionu Vladeslav Tretyak yandırmışlar.
Mərasim bayram atəşfəşanlığı ilə başa çatmışdır.

AzərTAc