Azərbaycan poçtu MDB ölkələri arasında liderdir
10.2.2014

Azərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmamışdır.
“Azərpoçt” MMC-dən bildirilmişdir ki, Azərbaycan poçtu bu və ya digər göstəricilərə görə MDB poçt operatorları arasında liderdir. Beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi və s. ilə əlaqədar sorğular qəbul edilərək icrası təmin edilir. Beynəlxalq bağlamaların axtarışına dair müştəri xidmətləri - internet sorğu sistemi (“Cricket”) ilə ötən il ərzində 4 min ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilmişdir.
“Azərpoçt” MMC bu sistem vasitəsilə hazırda dünyanın 157 ölkəsi ilə əməkdaşlıq edir. Bundan əlavə, dünyanın 86 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - internetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir.
Bu sistem vasitəsilə 1500 ədəddən artıq sorğu işlənilmişdir. “Azərpoçt” MMC-nin Dünya Poçt İttifaqının (DPİ) qlobal monitorinq sisteminə qoşulması prosesi tam başa çatdırılmışdır.
“Azərpoçt” MMC eyni zamanda 2013-cü il üzrə beynəlxalq bağlamaların məlumatlarının (EDİ mesajlarının) işlənməsi, çatdırılması və “Cricket” sorğu sistemi üzrə DPİ tərəfindən təyin olunmuş normativlərə riayət etmişdir.

AzərTac