“012 Baku Public Art” Festivalı
17.2.2012

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatı birinci “012 Bakı Public Art” Festivalının açılışını sevinc hissi ilə elan edir. Bu Festival paytaxtımız Bakıda keçiriləcək və qədim şəhərin ictimai yerlərində yerləşdirilən bir sıra müasir incəsənət əsərlərini toplayacaq.
“012 Bakı Public Art” Festivalında 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirəcəklər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin – binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrəniblər.
Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunacaqdır. Açılış mərasimi “ÜNS Yaradıcılıq Səhnəsi”-ndə keçiriləcək və burada bütün eksponatlar 2012-ci il fevralın 25-dən martın 1-ə qədər tamaşaçıların seyrinə veriləcəkdir.