Türkiyənin Bayburt şəhərində XVII Beynəlxalq Dədə Qorqud festivalı açılmışdır
14.7.2011

Türkiyənin Bayburt şəhərində XVII Beynəlxalq Dədə Qorqud festivalı açılmışdır. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva festivalın açılış mərasiminin iştirakçıları arasında olmuşdur.
Qənirə Paşayeva əvvəlcə Bayburt valisi Kərəm Al, bələdiyyə sədri Hacı Əli Polad, Türk Dünyası Yazıçıları Birliyinin (TÜRKSAV) sədri Yəhya Akəngin ilə birlikdə şəhərdəki Dədə Qorqud türbəsini ziyarət etmişdir.
Azərbaycanlı deputat açılış mərasimindəki çıxışında bildirmişdir ki, türklərin böyük atası olan Dədə Qorqud diyarında olmaqdan məmnunluq hissi keçirirəm. Bizim ölkəmizdə neçə nəsil bu xoşbəxt anları türk dünyası ilə birlikdə yaşamağı arzulamışdır. İndiki nəsil bu xəyalların həqiqətə çevrildiyi üçün xoşbəxtdir. Qənirə Paşayeva Dədə Qorqudun dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərdən bəhs etmişdir. TÜRKSAV-ın sədri Yəhya Akəngin 570-631-ci illərdə yaşamış, türk dünyasının mənəvi atası olan Dədə Qorqudun vəsiyyətlərinin bütün nəsillər üçün yol göstərən bir işıq olduğunu söyləmişdir.
Festival iştirakçılarına yeni nəşr olunmuş 2 min nüsxə Dədə Qorqud dastanı paylanmışdır.
Şənliklərin ilk günü Gürcüstan, Elazığ və Bayburt folklor qruplarının rəqsləri ilə başa çatmışdır.