Bakıda “Mosfilm” həftəsi keçiriləcəkdir
12.2.2014

Fevralın 20-dən 25-dək “28 Cinema”da “Kapital Bank” ASC-nin dəstəyi ilə “Mosfilm” həftəsi keçiriləcəkdir.
Film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaqdır.
Bankın mətbuat xidmətindən bildirilmişdir ki, “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcəkdir.
“Mosfilm” həftəsinin proqramına əsasən fevralın 20-də “28 Cinema”nın 3 nömrəli zalında mətbuat konfransı keçiriləcəkdir.
Sonra isə kinoteatrın 5 nömrəli zalında “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunmuş film həftəsinin təntənəli açılış mərasimi olacaqdır. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “Mosfilm” kinostudiyasının nümayəndələri çıxış edəcəklər.
Həmin gün “Sevgi və göyərçinlər” (“Lyubov i qolubi”) filmi göstəriləcəkdir.
Kinosevərlərə həftə ərzində “Uğur centlmenləri” (“Centlmenı udaçi”), “İvan Vasilyeviç peşəsini dəyişir” (“İvan Vasilyeviç menyayet professiyu”), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” (“Kafkazskaya plennitsa, ili novıye prikluçeniya Şurika”), “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”), “Xidməti eşq macərası” (“Slujebnıy roman”) və “Brilyant əl” (“Brilliantovaya ruka”) filmləri nümayiş etdiriləcəkdir.
Nümayişlər pulsuzdur və arzu edənlər biletləri kinoteatrın kassalarından əldə edə bilərlər.

AzərTAc