Lənkəran Xan evi əsaslı təmir edilir - Foto
13.2.2014

Lənkəranda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Xan evində əsaslı bərpa işləri aparılır.

Uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalan gözəl memarlıq abidəsi restavrasiyadan sonra qapılarını yenidən ziyarətçilərin üzünə açacaq.

Hazırda Xan evi kimi tanınan bu unikal bina bir əsr əvvəl Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tugra xanın şərəfinə inşa edilib. Fransız memarı tərəfindən inşa olunan tarixi abidə bu vaxta qədər əsaslı şəkildə təmir olunmayıb. Bu gözəl memarlıq abidəsi olan Xan evi müxtəlif illərdə fərqli məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən tarixi binanın əsaslı təmirinə ötən ilin noyabr ayından başlanılıb və təmir işlərinin ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Lənkəran rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimovun sözlərinə görə, əsaslı təmir-bərpa işləri respublika Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutunun planı əsasında həyata keçirilir. Bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanmaqla yanaşı, burada müasir su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri qurulacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra burada müasir standartlara uyğun olan muzey ekspozisiyası qurulacaq.







Gün.Az